“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyət göstərməyən sənaye müəssisələrinin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 iyun 2021-ci il tarixində Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi, 14 ünvanında yerləşən “Tibb Texnikasının Təmiri Zavodu” ASC-nin nizamnamə kapitalının 99,73 faizini təşkil edən 922 528 səhminin satışı üzrə investisiya müsabiqəsi elan edilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən potensial iddiaçılar qarşısında qoyulan maliyyə, iqtisadi, investisiya və sosial şərtlər müəyyənləşdirilib.
Əsas şərtlər müəssisəyə investisiya qoyuluşu, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsalda müasir texnologiyaların tətbiqidir.
18 avqust 2021-ci il tarixində Müsabiqə Komissiyası tərəfindən iddiaçıların təkliflərinə baxılıb. Müsabiqə Komissiyasının üzvləri arasında açıq səsvermə yolu ilə fiziki şəxs Vəliyev Ədalət Cavanşir oğlu “Tibb Texnikasının Təmiri Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqə qalibi 15 sentyabr 2021-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək. Qalib investor ümumi həcmi 2 566 000 manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna olan, eləcə də əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini, sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürür.
İnvestisiya Proqramına əsasən müəssisədə hazırkı COVİD-19 pandemiyasının davam etdiyi dövrdə aktuallığı ilə xüsusilə seçilən layihənin icrası, yəni müxtəlif tutumlu balonlarda oksigen istehsalının genişləndirilməsi planlaşdırılır. Bunun üçün oksigen istehsalı avadanlıqlarının, oksigen qurğusunun və onun soyutma sisteminin yeniləşdirilməsi, xüsusi su hövzəsinin inşası, o cümlədən qaz balonlarının alınması, mövcud avadanlıq və texnikaların əsaslı təmiri, inzibati binanın, sexlərin və digər tikililərin bərpası, infrastruktur təminatının yaxşılaşdırılması, abadlıq işlərinin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqə qalibi tərəfindən investisiyaların 2 il ərzində yatırılması, 20-dən artıq yeni iş yerinin yaradılması planlaşdırılır.
Zavod atmosferdən sənaye üsulu ilə alınan qazların istehsalı ilə yanaşı, müxtəlif tibbi avadanlıqların və texnikaların təmiri sahəsində fəaliyyət göstərəcək.