Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın“Əmlakın qeydiyyatı” işçi qrupunun növbəti iclası keçirilib

20.10.2021 17:03

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” işçi qrupunun 13 oktyabr tarixində növbəti onlayn iclası keçirilib. İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlər və 9 aylıq yekun qiymətləndirilməyə hazırlıq müzakirə olunub.

Görülmüş işlər barədə əsas icraçı qurumlar olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin məsul şəxsləri tərəfindən təqdimatlar və çıxışlar edilib. Təqdimat və çıxışlardan sonra müvafiq bəndlər üzrə müzakirələr aparılıb, icraçılara ünvanlanmış suallar aidiyyəti üzrə cavablandırılıb.

İclasda Fəaliyyət Planının 10-cu bəndi ilə əlaqədar olaraq qeydiyyat və kadastr orqanlarında mövcud olan “şikayət mexanizmi”nin təkmilləşdirilməsi məsələləri də müzakirə olunub. Eləcə də, “Daşınmaz əmlakın kadastrı və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı sahələrində şikayətlərə baxılması Qaydası” layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsi olaraq yekun rəyin bildirilməsi üçün layihənin “Əmlakın qeydiyyatı” işçi qrupunun üzvlərinə təqdim edilməsi qərara alınıb.

İclasa işçi qrupunun üzvləri ilə yanaşı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Əmlak Məsələləri Dövlət Xidməti, Ədliyyə Nazirliyi, eləcə də özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb.

Qeyd edək ki, “Əmlakın qeydiyyatı” İşçi qrupunun fəaliyyəti ilk növbədə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, bu məqsədlə daşınmaz əmlakın alqı-satqısı və qeydiyyatı sahələrində islahatların həyata keçirilməsi, müvafiq sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır.