Tədbirdə komitənin əməkdaşı təqdimat ilə çıxış edib. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsində könüllülük proqramının həyata keçirilməsi davam edir. Proqram “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq reallaşdırılır. Fəaliyyət müddətinin sonunda könüllülərin nəzəri biliklərini və biliklərini tətbiq etmək bacarıqlarını qiymətləndirmək məqsədi ilə test imtahanları keçirilir. Topladıqları ballara uyğun olaraq isə onlara müvafiq sertifikatlar verilir. Həmçinin, fəaliyyətləri müddətində öhdəliklərini layiqincə yerinə yetirən və intizamlı könüllülərin bir qismi komitənin tabeliyinə daxil olan qurumlarda müvafiq vəzifələrə təyin edilir.
Vurğulanıb ki, komitənin fəaliyyət istiqamətləri üzrə müvafiq xidmət sahələrinə könüllülərin cəlb edilməsi 2017-ci ilin iyul ayından başlanılıb. İndiyə qədər 105 nəfər könüllü komitənin müvafiq qurumlarında könüllü fəaliyyətə cəlb olunub. Onlar fəaliyyət göstərdikləri dövrdə müəyyən bilik və bacarıqlara yiyələnib və iş mühitinə adaptasiya olunub. Fəaliyyəti dövründə fərqlənən 36 nəfər könüllü komitədə olan müvafiq vakant vəzifələrə təyin edilib.
Qeyd edilib ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Məlumat üçün bildirilməlidir ki, bu fəaliyyətə qoşulmaq istəyənlər Komitənin rəsmi emdk.gov.az səhifəsindən könüllülük üçün müraciət forumunu doldurmalıdır.
Sonda komitədə könüllük fəaliyyəti və işə qəbulla bağlı tələbə və məzunların sualları cavablandırılıb. Qeyd edilməlidir ki, gələcəkdə digər universitetlərdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır.