İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 21 dekabr və 28 dekabr tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək. Dekabrın 21-i keçiriləcək hərraca 12 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmi, 28 dekabrda təşkil olunacaq hərraca isə 18 kiçik dövlət müəssisəsi və 1 yarımçıq tikili çıxarılacaq.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, aqrokimya, nəqliyyat, təmir və s. sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Bakavtoservis”, “Zaqatala Fındıq”, “Salyan broyler” və digər səhmdar cəmiyyətləri aiddir. Özəlləşdirməyə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3oQSGdk)
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.