“Sumqayıt Tikinti Xidmət” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib

“Sumqayıt Tikinti Xidmət” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib 03.12.2021 14:13

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Sumqayıt Tikinti Xidmət” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 99,91 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A ünvanında yerləşən “Sumqayıt Tikinti Xidmət” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 259.598 manat olan 129.799 səhmi satışa çıxarılıb. Müəssisənin ümumilikdə 79.021 manat öhdəlikləri var.

Müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 1.200.000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.

Müsabiqənin qalibi səhmdar cəmiyyətin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 800.000 manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir. İddiaçıdan müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 400.000 manat məbləğində vəsaitin beh olaraq ödənilməsi tələb olunur.

Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 60 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə Azərbaycan vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://bit.ly/3G2fz2y

İddiaçıların ərizə və təkliflərinin qəbulu 11 yanvar 2022-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaqdır.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 12 yanvar 2022-ci il, saat 11:00-dan başlayaraq həyata keçiriləcəkdir.