Faydalı qazıntı yataqlarının istifadəsinə maraq artır: Hərrac rəqabətli olub

Faydalı qazıntı yataqlarının istifadəsinə maraq artır: Hərrac rəqabətli olub 15.12.2021 16:06

Yerin təkindən səmərəli formada istifadə, bu sahəyə investisiya qoyuluşu ölkə iqtisadiyyatına töhfə verən amillərdəndir. Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar isə bunu reallaşdıran əlverişli  alətlərdəndir. Bu baxımdan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 14 dekabr tarixində təşkil olunub. İnvestorların marağının kifayət qədər böyük olması hərracı rəqabətli edib.

Hərracda Göygöl rayonunda yerləşən “Hacıməlikli” qum-çınqıl yatağının 20 hektar sahəsi, Goranboy rayonunun “Qarasuçay” qum-çınqıl yatağının 5 hektar sahəsi, İsmayıllı rayonunun “Girdimançay” qum-çınqıl yatağının 4 hektar sahəsi istifadəyə verilib.

“Hacıməlikli” qum-çınqıl yatağının LOT-1, LOT-2, LOT-3, LOT-4, LOT-5, LOT-6 üzrə hərracı rəqabətli keçib. Başlanğıc qiyməti 17 500 manat olan LOT-1 üzrə edilən son təklif 41 000 manat olub. Başlanğıc qiyməti 16 500 manat olan LOT-2 isə 80 700 manata istifadəyə verilib. Ən yüksək rəqabət LOT-6 üzrə müşahidə edilib. Belə ki, başlanğıc qiyməti 15 900 manata olan LOT-6 üzrə edilən son təklif 97 200 manatadək yüksəlib.

“Hacıməlikli” qum-çınqıl yatağının LOT-1, LOT-2 üzrə keçirilən hərracın qalibi "Azeri Mining Group" MMC, LOT-3, LOT-4 üzrə qalib "KANT-2S" MMC, LOT-5, LOT-6 üzrə qalib fiziki şəxs İlham İsmayılov olub. “Qarasuçay” və “Girdimançay” qum-çınqıl yataqları üzrə keçirilən hərracın isə qalibi müvafiq olaraq "23№li Yol İstismarı" MMC və "Muğan-KİTT Şirkəti" MMC olub.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3F06SWi)        

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 24 dekabr və 17 yanvar tarixlərində keçiriləcək. Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Qeyd edək ki, yer təkinin istifadəsi ilə bağlı cari ildən keçirilməyə başlayan hərraclarda 20 faydalı qazıntı yatağı istismara verilib.