“Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfrans keçirilib

“Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“  mövzusunda konfrans keçirilib 30.01.2019 16:25

Konfransın məqsədi dövlət əmlakının idarə edilməsi sahəsində səmərəliliyin, şəffaflığın artırılması, optimallığın təmin olunması istiqamətində mövcud olan metodların tətbiqinin daha da genişləndirilməsidir. Həmçinin dövlət müəssisələrinin fəaliyyətinin əsas göstəricilərinin təhlili üçün düzgün maliyyə monitorinqi alətlərinin seçilməsi və sistemli tətbiqi istiqamətində fikir mübadiləsi də əsas vəzifələrdəndir. Eyni zamanda dövlət müəssisələri arasında daha uğurlu idarəetmə üzrə məlumat mübadiləsinin təkmilləşdirməsi, o cümlədən hökumət, onun qurumları və dövlət müəssisələrinə dair islahatların həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılması da konfransın məqsədlərindəndir.

Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması və onun idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya və hədəflər çərçivəsində komitə yeni metodların və yanaşmaların tətbiqinə başlamışdır. Eyni zamanda ölkə başçısının “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı” imzaladığı 2016-cı il 19 iyul tarixli Fərmana əsasən də özəlləşən müəssisələrin idarəetmə mexanizmi müasir prinsiplər əsasında həyata keçirilir. Komitə tərəfindən orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin restrukturizasiyası həyata keçirilmiş, qeyri-profil müəssisə və obyektlərin siyahısı müəyyənləşdirilmiş, onların özəlləşdirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də bu hədəflərin icrası məqsədilə dövlət mülkiyyətində olan müəssisələr üzrə islahat tədbirlərinin icrası öz təsdiqini tapmışdır.  Hazırda bu istiqamətdə işlər davam etməkdədir. Görülən tədbirlər isə ölkədə iqtisadi fəallığın gücləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşdırılmasına və milli iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsinə şərait yaradır.                                      

Qeyd edilib ki,dövlət əmlakının idarəçiliyi sahəsində elektron xidmətlərə keçidin daha geniş tətbiqi, innovativ resurslardan istifadə və şəffaflığın artırılması istiqamətində mühüm nəticələr əldə olunub. Bu sahədə müasir standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi və beynəlxalq maliyyə hesabatlılıq sisteminə keçid əsas məqsədlərdəndir.  

Dünya Bankının tövsiyələri də nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılmışdır. Bu strukturda kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Həmin məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılmışdır. Bu platforma komitənin elektron xidmətlər portalında yerləşdirilmiş və yekun forma Komitə tərəfindən hökumətə təqdim edilmişdir. Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq. Hazırda bazada 20-ə yaxın dövlət müəssisəsinin məlumatları yerləşdirilib. Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən bazaya gələcəkdə digər dövlət müəssisələrinin də inteqrasiyası həyata keçirilə bilər.

Qeyd edilib ki, dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması ilə bağlı hesabatların təqdim edilməsi elektron qaydada həyata keçirilir. Hesabata əsasən dövlət əmlakının istifadə vəziyyəti təhlil edilir, faktiki vəziyyəti müəyyənləşdirilir, o cümlədən onun qorunub-saxlanılması və səmərəli istifadəsi, bu sahədə nəzarətin gücləndirilməsi təmin edilir. Nəticədə hesabatın qəbulunda şəffaflıq, operativlik artırılır, optimallıq təmin olunur.

Bildirilib ki, səhmdar cəmiyyətlərdə ümumi yığıncaqların təşkili, müşahidə şuralarının, idarə heyətinin və təftiş komissiyalarının yaradılması istiqamətində də müəssisələrə metodiki köməkliklər göstərilir, müəssisələr tərəfindən maliyyə, o cümlədən digər zəruri hesabatların vaxtında təqdim edilməsi təmin edilir. Hazırda 142 dövlət paylı müəssisələrdə korporativ idarəetmənin tətbiqi istiqamətində komitə tərəfindən daima metodiki köməkliklər göstərilir.  

Daha sonra Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Navid Həsən Naqvi bildirib ki, Azərbaycan Hökuməti bu yaxınlarda dövlət müəssisələrinin idarəedilməsi sahəsində iddialı islahat prosesinə başlamışdır. Dünya Bankı isə prosesə dövlət müəssisələrinin korporativ idarəçilik sisteminin təhlili, risklərin və fəaliyyət göstəricilərinin qiymətləndirilməsinin təkmilləşdirilməsi sahəsində məsləhətlər vermək vasitəsilə dəstək vermişdir. Ümid edirik ki, belə yardım gələcək islahat tədbirlərinin həyata keçirilməsində Hökumətə istiqamət verəcək və bu, dövlət müəssisələrinə nəzarət funksiyasının gücləndirilməsinə və onların effektiv idarə edilməsinə gətirib çıxaracaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı qeyd edib ki, “Strateji yol xəritələri və “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2016-cı il tarixli Sərəncamı dövlət müəssisələrində korporativ idarəetmə sisteminin effektiv şəkildə qurulması üçün əsas zəmindir. Mərkəzdə bu mövzu geniş araşdırılmış və qabaqcıl dünya təcrübəsi nəzərə alınmışdır. Korporativ idarəetmə standartlarının effektiv şəkildə tətbiq edilməsi istiqamətində dövlətin üzərinə bir sıra əsas vəzifələr düşür. Bunlara dövlət müəssisələrində icra göstəricilərinin mütəmadi olaraq monitorinqini aparmaq, onların korporativ idarəçilik standartlarına uyğunluğuna nəzarət etmək imkanı verən hesabatvermə sistemlərinin yaradılması, o cümlədən, ixtisaslı peşəkarların cəlb edilməsi, həvəsləndirilməsi  və digərləri aiddir. Dövlət müəssisələrində korporativ standartların tətbiqinin genişləndirilməsi isə rəqabət mühitinin daha da yaxşılaşması, göstərilən xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sərmayə cəlbi və dövlət aktivlərinin səmərəli istifadəsi ilə nəticələnəcəkdir.

Daha sonra dövlət müəssisələrinin korporativ idarəçiliyi və maliyyə hesabatlılığı sahəsində, onların fəaliyyəti zamanı şəffaflığın və səmərəliliyin artırılması ilə bağlı, eləcə də maliyyə qiymətləndirmə sistemi və vahid məlumat bazası haqqında təqdimatlar olub.

Sonda dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması sahəsində tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.