Ötən dövr ərzində özəlləşdirmə sahəsində digər ölkələrin təcrübəsi öyrənilməklə iki Dövlət Proqramı, Özəlləşdirmə ilə bağlı Qanun və 50-dən çox normativ-hüquqi sənəd hazırlanaraq qəbul edilmişdir.
İlkin mərhələdə ticarət və xidmət obyektlərinin özəlləşdirməsi ilə başlanan dövlətsizləşdirmə prosesi getdikcə iqtisadiyyatın daha geniş və aparıcı sahələrini, nəqliyyat və rabitə, tikinti, kimya və ağır maşınqayırma, metallurgiya və digər bu kimi mühüm sahələri əhatə etdi.
2000-ci ilin avqust ayında özəlləşdirmənin II Dövlət Proqramının qəbul edilməsi ilə özəlləşdirmə prosesinin ikinci mərhələsinə start verilmişdir. Birinci Proqramdan fərqli olaraq, bir sıra yeni üsul, mexanizm və alətlər II Proqrama daxil edilmiş, bəzi aspektlər təkmilləşdirilmişdir. Yenə də, şəxsən Ümummilli Lider Heydər Əliyevin təkidi ilə investorlara özəlləşdirmədə iştirak üçün ən əlverişli mühitin yaradılması məqsədi ilə dövlət müəssisələrinin keçmiş illərdən yığılıb qalmış borclarının bir qismi silinmiş və xarici investorlar üçün “açıq qapı” siyasəti yürüdülmüşdür.
İkinci Proqrama dövlət əmlakının fərdi layihələr üzrə özəlləşdirilməsi, habelə müflis elan olunmaqla satış üsulları daxil edilmiş, əmək kollektivi üzvlərinə verilən güzəştlər optimallaşdırılmış, dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması, restrukturizasiyası, habelə özəlləşdirilmiş müəssisələrin dövlət tərəfindən dəstəklənməsi kimi əhəmiyyətli mexanizmlər daxil edilmiş, infrastruktur sahələrin idarəetməyə verilməsi vasitəsi ilə Dövlət – Özəl Tərəfdaşlığı prinsipinin tətbiqinə geniş yer ayrılmışdır.
Ümumilikdə hər iki Dövlət Proqramında xalqın sosial rifahı üstün tutulmuş və dövlət müəssisələrində işləyən və uzun müddət işləmiş əmək kollektivi üzvlərinin, bütövlükdə ölkə vətəndaşlarının dövlət əmlakının özəlləşdirilməsi prosesindən kənarda qalmaması, onların bu prosesə fəal cəlb edilməsi ön plana çəkilmişdir.
Mülkiyyət münasibətlərinin daha da təkmilləşdirilməsi və özəl sektorun davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezident kimi fəaliyyəti dövründə daha geniş vüsət almış, prosesin sürətlənməsi və dərinləşməsi istiqamətində bir çox qərarlar qəbul edilmişdir. 2016-cı ilin 19 iyul tarixində cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı özəlləşdirmənin yeni mərhələsinin başlanğıcı oldu. Belə ki, həmin fərmanda özəlləşdirmə prosesinin sürətləndirilməsi, yeni sahələrin özəlləşdirməyə açılması, dövlət əmlakının dünyada mövcud olan ən mütərəqqi üsullarla və nüfuzlu məsləhətçi şirkətlərinin imkanlarından istifadə etməklə həyata keçirilməsi, müasir dövrün tələblərinə uyğun olaraq əmlak idarəçiliyinin təkmilləşdirilməsi, dövlət əmlakından səmərəli istifadə edilməsi, özəlləşdirmə zamanı şəffaflığın təmin edilməsi, bu sahəyə investisiyaların cəlb edilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ortamüddətli dövrdə dövlətdə saxlanılacaq müəssisələrin siyahısı təsdiqlənmiş, eləcə də həmin dövlət şirkətlərinin, mərkəzi və yerli icra orqanlarının tərkibindəki qeyri-profil müəssisələri özəlləşdirməyə açılmışdır. Dövlətdə saxlanılacaq ortamüddətli müəssisələrdən kənarda qalan bütün müəssisə və obyektlər özəlləşməyə açıq elan edilmişdir.
Özəlləşdirməyə açıq elan edilən müəssisə və obyektlər barədə məlumatların ictimaiyyətə daha operativ, açıq və şəffaf yolla çatdırılması üçün, həmçinin investorların bu sahədə məlumatlılığının artırılması məqsədi ilə “Özəlləşdirmə Portalı” (www.privatization.az) yaradılmışdır. Portalda Azərbaycanın dünya və regional iqtisadiyyatda oynadığı rol, özəlləşmə sahəsində tətbiq edilən yeniliklər, özəlləşdirmə və idarəetmə sahəsində mövcud qanunvericilik bazası, müvafiq statistik göstəricilər təqdim edilir, habelə investorları maraqlandıran sualların onlayn şəklində operativ cavablandırılması üçün “onlayn əlaqə” xidməti də fəaliyyət göstərir.
Prioritet sektorlar daxil olmaqla, dövlət əmlakının idarə olunmasının səmərəliliyinin artırılması, özəlləşdirilməsi və idarəetməyə verilməsi sahələrində yeni yanaşmaların tətbiqinə başlanılmış, özəlləşdirilən dövlət əmlaklarının müstəqil qiymətləndiricilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilməsi və açıq, o cümlədən elektron hərraclar və investisiya müsabiqələri vasitəsi ilə satışa çıxarılması təmin edilir.
Özəlləşdirmə prosesində inkişaf etmiş xarici dövlətlərin təcrübəsindən faydalanılması, habelə xarici investorların özəlləşdirmə prosesinə daha fəal cəlb edilməsi məqsədi ilə qabaqcıl dünya ölkələri, onların analoji dövlət və özəl qurumları, beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq əlaqələri qurulmuşdur.
Beləliklə Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi islahatlar çərçivəsində dövlət əmlakının özəlləşdirilməsi prosesi də ölkənin davamlı inkişafında mühüm rol oynamışdır. Belə ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramları çərçivəsində 2018-ci ilədək həyata keçirilən dövlət əmlakının özəlləşdirilməsi nəticəsində kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdiriləsi həyata keçirilmiş, orta və iri dövlət müəssisələrinin bazasında açıq səhmdar cəmiyyətləri təsis edilərək səhmlərinin tam və ya böyük hissəsi satılmışdır.
Özəlləşdirilmə prosesində 250 mindən çox adam səhm sahibi olmuş, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşmışdır. Ümumilikdə, 1,2 milyondan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada faydalanmışdır. Yerli investorlarla yanaşı, xarici investorların da iştirak etdikləri təkcə investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1,1 milyard ABŞ dolları məbləğində investisiyalar yatırılmış, istehsalın həcmi 1,5 milyard manat artmışdır.
Özəlləşdirmə əhalinin məşğulluğunun təmin edilməsində də əhəmiyyətli rol oynamışdır. Hesablamalara görə, özəlləşdirilmiş müəssisələrdə 300 mindən çox yeni iş yeri yaradılmışdır.
Bütün sadalananlar Azərbaycan Respublikasının iqtisadi potensialının artması, ölkədə rəqabət mühitinin formalaşması, dövlət müəssisələrinin bir çoxunun fəaliyyətinin yenidən qurulması, müəssisələrdə yeni avadanlıq və texnologiyaların, habelə müasir idarəetmə üsullarının tətbiqi, orta sahibkarlıq təbəqəsinin təşəkkül tapması və bununla da əhalinin həyat və yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
Həyata keçirilən özəlləşmə nəticəsində ölkənin ticarət və xidmət, quşçuluq, şərabçılıq, un məhsullarının istehsalı sahələri, mehmanxana, mobil rabitə, tikinti sahələri tam olaraq, kənd təsərrüfatında isə bir çox sahələrin özəl sektora keçərək uğurlu fəaliyyəti təmin edilmişdir.
Bu günədək Azərbaycanda həyata keçirilmiş özəlləşdirmə prosesində ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Hollandiya, Finlyandiya, İsveç, İran, İsrail və digər dövlətlərin hüquqi və fiziki şəxsləri iştirak etmişlər.
Buna misal olaraq, “Qaradağ Sement” (Holcim (Azərbaycan)), “Bakıelektroqaynaq” (Baku Steel Company), “Siyəzən Broyler”, “Pivə” (Castel Pivə), “Qəbələ Şərab”, “Dəvəçi Broyler”, “Giləzi Quşçuluq”, “Bakı–Tütün” (European Tobacco-Baku), “Azenco”, “Azyolmaş”, “Bakı Yoltexnikatəmir” (Boya zavodu), “Xanlar Aqrosənaye”, “Gəncə Şərab-2”, “Bakı Şampan Şərabları”, “Bakı Şərab-2”, “Bakı Taxıl”, “Bakı mayesiz transformatorlar”, “Sabunçu Azot-Oksigen”, “Azərmaşavadanlıq”, “Qaradağ Rezin Qarışığı” (Şüşə tara istehsalı), “Neftçala Yod-Brom”, “Gəncə cihazqayırma zavodu”, “Sumqayıt Sənaye İstehsal”, “Respublika Müalicəvi Diaqnostika Mərkəzi”, “Məişət Maye Qaz”, “Azərmətbuatyayımı”, “Bakı Ağırlaşdırıcılar”, “Azərbaycan mehmanxanası” (Hilton hotel), “Moskva-mehmanxana” (Alov Qüllələri), “Həyat Recensi” ("Hyatt-Recensi-Naxçıvan"), “Araz Servis” (Cümeyrah Bilgəh) hoteli və digər yüzlərlə belə müəssisələrin adını çəkmək olar.
Memarlıq baxımından bir çox zövq oxşayan tikililər də ya özəlləşdirilmiş müəssisələrin ərazilərində tikilmiş, ya da müvafiq dövlət torpaq sahələrinin özəlləşdirilməsi zamanı razılaşdırılmış layihələr nəticəsində inşa olunmuşdur. Nəticədə ölkənin ÜDM-ində özəl sektorun payı 85 faizə çatmışdır.
Özəlləşmə, eyni zamanda, yerli istehsalın genişlənməsinə, rəqabət qabiliyyətli məhsul istehsalı və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına da öz təsirini göstərmişdir.
Dövlət mülkiyyətinin idarə edilməsi sahəsində həyata keçirilən digər tədbirlər çərçivəsində daşınmaz əmlakın qeydiyyatı, torpaqların elektron kadastr uçotunun aparılması, habelə torpaqlardan səmərəli istifadə olunması və mühafizəsi sahəsində də son dövrlər mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, qeydiyyat prosesi sadələşdirilmiş, bu istiqamətdə elektron xidmətlərin sayı çoxaldılmış, “Kütləvi çıxarış” kampaniyaları, “Mobil ofislər” fəaliyyətə başlamış, vətəndaşın istəyindən asılı olaraq daşınmaz əmlaka dair çıxarışların elektron şəkildə verilməsi təmin edilmiş, daşınmaz əmlakın qeydiyyatı sahəsində dövlət rüsumu və xidmət haqqlarını hesablamağa imkan verən Əmlakın Qeydiyyatı Kalkulyatoru istifadəyə verilmişdir.
Torpaqların elektron kadastr uçotunun aparılması isə ölkədə torpaq idarəçiliyinin səmərəliyinin təmin edilməsi, torpaq bazarının tənzimlənməsi, modernləşdirmə, optimallaşdırma, mövcud vəziyyətinin effektivliyinin artırılmasına gətirib çıxaracaqdır.
Qeyd olunanlarla yanaşı vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli müvafiq Fərmanı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq edilmişdir. Strateji yol xəritələrinin icrasında başlıca məqsəd Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın artırılmasının təmin edilməsindən ibarətdir. Sözügedən sənədlərdə davamlı iqtisadi inkişafa nail olunması üçün 4 əsas strateji hədəf müəyyən edilmişdir ki, bunlardan biri də “Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi”dir.
Sonda bir daha bildirmək istərdim ki, dövlət mülkiyyətinin idarə edilməsi sahəsində görülmüş işlərin nəticəsi, habelə tətbiq olunacaq yeniliklər və innovasiyalar Azərbaycan iqtisadiyyatının gələcəkdə də çoxşaxəli və davamlı inkişafında, eləcə də ölkə əhalisinin sosial rifah halının daha da yüksəlməsində mühüm rol oynayacaqdır.
NURLAN ŞAKİR OĞLU VERDİYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I kurs magistrantı