25 yanvar və 1 fevral tarixlərində hərrac keçiriləcək

05.01.2022 16:20

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 yanvar və 1 fevral tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək. Yanvarın 25-də keçiriləcək hərraca 13 səhmdar cəmiyyətinin səhm paketi və 26 nəqliyyat vasitəsi, 1 fevralda təşkil olunacaq hərraca isə 22 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, aqrokimya, nəqliyyat, təmir və s. sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Kürdəmir Aqrotexservis”, “Azinterservis”,  “Biləsuvar Broyler”, “Yevlax Taxılçı” və digər səhmdar cəmiyyətləri aiddir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: ( https://bit.ly/3mmNVpB ).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.