11 yanvar hərracında 13 dövlət əmlakı özəlləşdirilib

11 yanvar hərracında 13 dövlət əmlakı özəlləşdirilib 11.01.2022 16:31

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə sahəsində yeniliklərin tətbiqi, elektron xidmətlərdən istifadə, hərracları internet vasitəsilə onlayn izləmək imkanlarının yaradılması investorların prosesə olan marağını artırıb.

Dövlət Xidməti tərəfindən 11 yanvarda keçirilən növbəti hərracda 2 kiçik dövlət müəssisəsi, 11 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 40 sifariş qəbul olunub, bunun 4-ü elektron qaydada həyata keçirilib.

Hərraca çıxarılan avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib. İlkin start qiyməti 2500 manat olan “Vaz 21214” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 3575 manata özəlləşdirilib. Nəqliyyat vasitələrinin sırasında kater də olub. Həmin nəqliyyat vasitəsi 5000 manata satılıb.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Xəzər rayonunda yerləşən 4 saylı kafe olub. Həmin əmlak 166.300 manata özəlləşdirilib.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 234.625 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu)   

Məlumat üçün bildiririk ki, növbəti hərraclar 18 yanvar, 25 yanvar və 1 fevral tarixlərində keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.