Ünvanınıza gələn mobil ofislərə müraciət et, çıxarışını al: “Kütləvi çıxarış” kampaniyası bu dəfə Cəlilabadda

Ünvanınıza gələn mobil ofislərə müraciət et, çıxarışını al: “Kütləvi çıxarış” kampaniyası bu dəfə Cəlilabadda 30.01.2019 16:25

Daşınmaz əmlakın qeydiyyatı xidmətini birbaşa olaraq yaşayış ünvanı gətirərək qısa zamanda çıxarışların təqdim olunmasını mümkün edən kampaniya Cəlilabad rayonunun bir neçə kəndini əhatə etdi. Bu da bölgə əhalisinin vaxt itkisi olmadan, rahat şəkildə əlavə məsafə qət etmədən xidmətdən yararlanmasına səbəb oldu. Əmlak çıxarışları mobil ofislər vasitəsilə komitənin mütəxəssisləri tərəfindən bilavasitə ünvanlarda təqdim olundu. Reallaşan kampaniyada 150-ə yaxın sakin əmlak qeydiyyatı ilə bağlı xidmətdən yararlandı. Bundan 80-ə yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olundu. Belə ki, 40-a yaxını kənd təsərrüfatı məqsədi ilə icarəyə götürülmüş torpaq sahələri, 20-ə yaxın həyətyanı torpaq sahələri, 10-a yaxın isə fərdi yaşayış evləri üzərində çıxarışlar təqdim olundu.

Kampaniya zamanı 90 rayon sakinindən ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib. Qəbul edilən ilkin sənədlər də əsasən pay torpaqları, fərdi yaşayış evləri və həyətyani torpaq sahələrinə aid olmuşdur.

Cəlilabad rayonunda sakinlərin çıxarışlarla təmin olunması ilə yanaşı bu sahədə digər hüquqi xidmətlər də göstərildi. Belə ki, daşınmaz əmlak xidmətləri haqqında suallar cavablandırıldı, bu xidmətilərin göstərilməsi üçün lazım olan sənədlər və proseduralar izah olundu. Komitənin fəaliyyətində istifadə olunan yeniliklər, sadələşmiş və elektron formada göstərilən xidmətlər barədə əməkdaşlar tərəfindən maarifləndirmə işi aparıldı.

Bundan başqa mobil ofislərdə yaradılan şərait nəticəsində mütəxəssislər çıxarış veriləcək əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərinin müəyyən olunmasını həyata keçirdilər.

Qeyd edək ki, belə kampaniyalar zamanı əmək fəaliyyətindən uzaqlaşmaq imkanı olmayan məşğul əhaliyə iş yerlərində, fiziki məhdudiyyətli şəxslərə evlərində də çıxarışlar verilir. Bu da birbaşa olaraq onların rahatlığına və vaxtlarına qənaətə istiqamətlənib. Belə xidmətlərin göstərilməsi bölgə sakinlərinin əmlaklarından iqtisadi faydalılıq üçün aktiv istifadə etməsinə, qanunvericiliyə əsasən qeydiyyata alınmış əmlakların sayının artmasına şərait yaradır.

Xidmətləri vətəndaşların olduqları məkana gətirən bu kampaniya yaşayış obyektləri ilə yanaşı müxtəlif əmək fəaliyyəti ərazilərdə - fabrik və zavodlarda, tarlalarda, əkin-biçin yerlərində də həyata keçirilir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə mobil xidmətlər müxtəlif regionlarda davam edərək vətəndaş rahatlığı və məmnunluğunu daha da artıracaq.