Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Siyəzən rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Siyəzən rayonunda istifadəyə verildi 30.01.2019 16:25

Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etdi. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olundu.

Uçot işlərinin praktiki istifadə qaydaları barədə məlumatlandırmaq, uçot işlərinin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə, iqtisadi, aqrar münasibətlərə göstərəcəyi müsbət təsirlərin izah edilməsi təqdimatın əsas məqsədidir. Həmçinin tədbir çərçivəsində uçot işinin nəticəsi olaraq hazırlanmış Siyəzən rayonunun bələdiyyə, relyef, meyillilik xəritələri, həmçinin torpaqların bonitirovka və iqtisadi qiymətləndirmə xəritələri nümayiş etdirildi.   

Qeyd edilib ki, Torpaqların Elektron Kadastr Uçotunun həyata keçirilməsi, Siyəzən rayonundakı torpaqların ümumi həcmində bələdiyyə, dövlət torpaqlarının paylarını müəyyən etdi. Eləcə də vətəndaşlara məxsus özəl torpaqların xüsusi çəkisi hesablandı.­­­­ Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə, relyef, meyillilik xəritələri də tərtib edilməsini mümkün etdi. Eyni zamanda, torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb. Reallaşan uçot işləri Siyəzən rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 55,8 min hektar­­­­ torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 38,8 min hektar­­­­ bələdiyyə, 7,1 min hektar­­­­ dövlət, 9,9 min hektar­­­­ özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 40,9 min hektara yaxını (73%-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 10,9 min hektar­­­­ hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə çoxillik əkmələr 2 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilərdə coxillik əkmələr faktiki azalaraq 0,14 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 4,2 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır.

Layihənin reallaşdığı müddət ərzində Siyəzən rayonunda torpaqların kəmiyyət göstəriciləri ilə bərabər, keyfiyyət göstəricilərinin də uçotu aparılıb. Bu istiqamətdə aparılan işlərdən əldə olunan nəticələr təhlil olunub. Eləcə də, torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması rayon ərazilərindən kənd təsərrüfatı sahəsində istifadəni səmərəli edir. Yay otlaqlarının geobotanik, torpaqların isə eroziya xəritələrinin tərtib edilməsi, ərazilərin münbitliyini, torpaqların isə şorlaşmaya məruz qaldığını müəyyən etməyə imkan verir. Belə xəritələr kəndliyə torpağı hansı fermer təsərrüfatına cəlb edəcəyi ilə bağlı düzgün planlama üçün yardım edir.

Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin hesabında olan torpaqların da hansı ərazidə yerləşməsi, sahəsi, sərhədləri barədə dəqiq məlumatlar müəyyən olunub. Eyni zamanda sakinlərin istifadəsində olan faktiki ərazi və qanuni sənədlərdə göstərilən sahə arasında olan mövcud fərqlər aradan qaldırılır.

Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırıldı.