İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə xanım Ana Birçalla görüşüb.
Onlayn formatda keçirilən görüşdə iqtisadiyyat naziri Rumıniya ilə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan-Rumıniya iqtisadi-ticarət tərəfdaşlığı genişlənir. 2021-ci ildə, həmçinin bu ilin yanvar ayında ölkələrimiz arasında ticarət dövriyyəsi artıb. Görüşdə həmçinin, ölkələrimizin enerji, kənd təsərrüfatı, nəqliyyat və s. sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, SOCAR-ın Rumıniyada səmərəli fəaliyyəti qeyd edilib.
Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, iqtisadiyyatın bir sıra sahələrində birgə layihələrinin reallaşdırılması imkanlarını diqqətə çatdırıb.
Bu il ölkələrimiz arasında diplomatık əlaqələrin qurulmasının 30 illiyini vurğulayan strateji layihələr üzrə xüsusi nümayəndə xanım Ana Birçall ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu, iqtisadi əlaqələrin genişləndirilməsinin digər sahələrdə də tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, SOCAR-ın prezidenti vəzifəsinin icraçısı Rövşən Nəcəfin də iştirak etdiyi görüşdə tərəflər iqtisadi-ticarət, o cümlədən enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Sonda 2016-cl ilin iyulunda Azərbaycanın SOCAR və Ruminiyanın Transqaz şirkətləri arasında imzalanmış Anlaşma Memorandumunun daha 6 il müddətinə uzadılması barədə sənəd imzalanıb.