İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti göstərdiyi xidmətlərin elektron müstəviyə keçidinin təmin edilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahənin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir. Bu işlərin davamı olaraq, Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiq edən ipoteka kağızının elektron qaydada tərtib olunması və qeydiyyata alınmasını təmin edəcək elektron sistemin yaradılması məsələlərinə dair iclas keçirilib. İclasda Mərkəzi Bankın, İpoteka və Kredit Zəmanət Fondunun əməkdaşları da iştirak edib.
Məqsəd elektron xidmətlərin tətbiqini genişləndirərək əlçatanlığı və operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq, məmur-vətəndaş ünsiyyətini minimuma endirməkdir.
Tədbirdə ipoteka kağızının elektron sisteminin mahiyyəti və iş qaydası barədə təqdimat dinlənilib, ipoteka kağızının tərtib edilməsi, dövlət qeydiyyatına alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı əməliyyatlar əyani şəkildə test rejimində göstərilib və fikir mübadiləsi aparılıb.