Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstana səfər edib

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstana səfər edib 30.01.2019 16:25

İlk olaraq Gürcüstanın Xidmət Agentliyinin rəhbəri Azərbaycanın nümayəndə heyəti üzvlərini salamlayaraq özəlləşmə sahəsində ikitərəfli əlaqələrin genişlənəcəyi üçün məmnunluğunu bildirib. Sonra tərəflər dövlət əmlakının özəlləşdirilməsi üzrə hər iki ölkədə təşkil olunan hərraclar, habelə əmlak xidmətlərinin fəaliyyət prinsipləri sahəsində müzakirələr aparıblar, məhsuldar təcrübə mübadiləsi həyata keçiriblər.

Qeyd edilib ki, Azərbaycanda dövlət əmlakının idarəçiliyi, o cümlədən özəlləşmə sahəsində müasir yanaşmaların, innovasiyaların tətbiqi, modern mexanizmlərin formalaşdırılması bu sahədə şəffaflığın daha da artmasına imkan verir. Bu sahədə həyata keçirilən ən mühüm layihələrdən olan elektron hərracların tətbiqi Azərbaycanın özəlləşmə prosesi tarixində yeni mərhələnin başlanğıcı oldu. “Elektron hərrac” modeli dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhali və investorlar üçün prosesdə əlçatanlığı artıraraq zaman və məkan məfhumlarını aradan qaldırır. Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq onlayn hərraclara əhali tərəfindən yüksək maraq müşahidə edilir. Komitənin elektron xidmətlər portalı üzərindən qeydiyyatdan keçmədən özəlləşdirmə hərraclarının onlayn rejimdə izləmək imkanı isə investorlar üçün proseduralar barədə dolğun informasiyaların əldə etməsinə imkan verir.

Sərmayəçi isə hərraca çıxarılan dövlət əmlakları ilə virtual olaraq tanış olmaq imkanına malikdir. Belə ki, “Özəlləşmə portalında” hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Artıq portala baxış sayı 2 milyona yaxınlaşıb.

Komitənin həyata keçirdiyi bütün bu innovativ tədbirlərin başlıca məqsədi vətəndaşların minimum vaxt itkisi olmaqla, daha operativ qaydada, müasir texnoloji üstünlüklərdən istifadə etməklə xidmətlərdən yararlanmasını təmin etməkdir.

Sonda bildirilib ki, özəlləşmə sahəsində qarşılıqlı əməkdaşlıq əldə edilən inkişaf dinamikasının davamlılığını qoruyub saxlıyacaq.