4 may tarixində keçiriləcək hərraca çıxarılan dövlət əmlakları

4 may tarixində keçiriləcək hərraca çıxarılan dövlət əmlakları 15.04.2022 15:24

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 may tarixində hərrac keçiriləcək. Hərraca ümumilikdə 45 dövlət əmlakı çıxarılıb. Bunlardan 7-si səhmdar cəmiyyəti, 38-i isə nəqliyyat vasitəsidir.

Hərracda iştirak etmək istəyən şəxslər emal, sənaye, quşçuluq, təmir və s. sahələrə aid səhmdar cəmiyyətlərin səhm paketlərini özəlləşdirə bilərlər. Belə müəssisələrə “Bakavtoservis”, “Biləsuvar Broyler”, “Zaqatala Fındıq“ və digər səhmdar cəmiyyətləri aiddir.

Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 138.698 manatla 1.299.800 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan müəssisə “Bakavtoservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən müəssisənin səhminin 30,03 %-i 195.178 manata təklif olunur.

Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1970 - 2011-ci illər arasında dəyişir.

Tam siyahı ilə burada tanış ola bilərsiniz:   (https://bit.ly/3mmNVpB ).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.