Bu ilin birinci rübündə 73.346 daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı aparılıb

Bu ilin birinci rübündə 73.346 daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı aparılıb 18.04.2022 16:42
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsi üçün əlavə imkan yaradır. Belə ki, yanvar-mart ayları ərzində 73.346 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin ilk rübü ilə müqayisədə 8,2% çoxdur. Rüblük göstəricinin 17.979-u (24,5 %-i) ilkin, 55.367-si (75,5%-i) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 10.837-si fərdi yaşayış və bağ evi, 19.253-ü mənzil, 40.572-si torpaq sahəsi, 832-si qeyri-yaşayış binası, 1.649-u qeyri-yaşayış sahəsi, 190-ı əmlak kompleksi, 13-ü  isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 19.776-sı Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.

Daşınmaz əmlakın ilkin qeydiyyatı - Statistika

2022-ci ilin ilk rübü ərzində 3.712 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 10,9% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 9.191 olub.

Cari ilin yanvar-mart ayları ərzindəki texniki pasportun və ipoteka müqaviləsinin sayı

2022-ci ilin yanvar-mart ayları ərzində 57.813 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artım deməkdir. Bu ilin ilk rübündə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,6% artaraq 15.047 təşkil edib.