Bu ilin ilk rübü ərzində əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı 429.521 olub

Bu ilin ilk rübü ərzində əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı 429.521 olub 27.04.2022 13:05

Müasir dövrün əsas tələblərindən olan elektronlaşma hazırda bütün sahələri əhatə etməkdədir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də fəaliyyət sahələrinə uyğun olaraq göstərilən xidmətlərin rəqəmsallaşmasına üstünlük verir. Cari ilin ilk rübü ərzində bu sahədə uğurlu nəticələr əldə edilib. 

 Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda Xidmətin fəaliyyət sahələri üzrə 44 elektron xidmət vətəndaşların istifadəsindədir. Bunlardan 41-i interaktiv, 3-ü isə informativ xidmətlərdir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də Dövlət Xidmətinin elektron xidmətlər portalı (www.e-emlak.gov.az) üzərindən təqdim olunur.

Cari ilin yanvar-mart ayları ərzində Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 429.521 elektron xidmət göstərilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə  elektron xidmətlərdən istifadə sayı 137.024 və ya 32% çox olub.

Aparılmış təhlillər göstərir ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, 2022-ci ilin ilk rübü ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətlərdən istifadə sayı 39.244 olub. Ən çox istifadə olunan elektron xidmət isə “Elektron çıxarışın yoxlanması”dır. Bu xidmətdən istifadə sayı 336.819-dur. İstifadə sayı 18.717 olan “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” xidməti də daha çox müraciət edilənlər sırasındadır.

Bundan başqa, əmlak idarəçiliyi sahəsində onlayn xidmətlər də bu sahədə rahatlığı və operativliyi əhəmiyyətli dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışı (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Cari ilin yanvar-mart ayları ərzində bu xidmətdən istifadə sayı 39.817 olub.

Bu dövrdə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 8.103 müraciət qəbul edilib. Qeyd olunan sahələr üzrə elektron xidmətlərin arasında ən çox istifadə ediləni “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu”dur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fəaliyyət sahələrində innovasiyaların tətbiqi, elektron xidmətlər sferasının genişləndirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində işlər davam etdirilir.