Qazaxıstanla əməkdaşlığımız dostluq və qardaşlıq münasibətlərinə əsaslanır. Bu baxımdan ticarət-iqtisadi tərəfdaşlığın inkişafı bizim üçün önəmlidir. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini - Prezidentin Beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxan ilə görüşündə bildirib. Nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə uğurlu əməkdaşlığı vurğulayıb.
Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini- Prezidentin Beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxan ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini qeyd edib.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların təşviqi məqsədilə birgə səylərin artırılması, zəruri infrastrukturun inkişaf etdirilməsi və Vahid Yol Xəritəsinin hazırlanması imkanları müzakirə edilib.