Hərraca ərazi müxtəlifliyi ilə bərabər, hər bir investorun büdcəsinə uyğun ola biləcək dövlət əmlakları çıxarılıb. Belə ki, Bakı, Salyan, Astara, Biləsuvar və digər bölgələrdə yerləşən əmlakların ilkin hərrac qiyməti 500 manat ilə 1 milyon 500 min manat aralığındadır. Ümumi faydalı sahəsi 14 kv.m ilə 3 min 763 kv.m intervalında olan kiçik dövlət müəssisələri investorlara biznes planlarına uyğun əmlaklar tapmaq üçün imkan yaradır. Torpaq sahəsi ilə birgə özəlləşdirilməsi nəzərdə tutulan Lənkəran rayonu, Darquba kəndində yerləşən Əmlak kompleksinin ümumi faydalı sahəsi 62 kv.m, ilkin hərrac qiyməti 15 min manatdır. Prosesə Salyan rayonunda Yüksəliş yardımçı təsərrüfatı, Qobustan şəhərində Taxıl qəbulu məntəqəsi, paytaxtın Xəzər rayonunda 103 saylı yanacaqdoldurma məntəqəsi kimi dövlət əmlakları da çıxarılıb.
Müxtəlif sahələr üzrə xidmət obyekti kimi istifadə oluna biləcək qeyri-yaşayış sahələrinin 13-ü Bakıda, 2-si Gəncə və Mingəçevirdə yerləşir. Gəncə şəhərində yerləşən ümumi faydalı sahəsi 158 kv.m olan əmlak üçün ilkin qiymət 17 min manat təyin olunub. Ərazinin geniş, qiymətin uyğun olduğu bu qeyri-yaşayış sahəsinə investisiyanın qoyulması sərmayəçiyə əmlakdan fərqli sahələrdə xidmət obyekti kimi istifadə şansını verir.
Komitənin təşkil etdiyi hərraclar barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, komitənin rəsmi saytı (emdk.gov.az), facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.
Hərracda iştirak etmək istəyən şəxslərin prosesə elektron hərrac vasitəsilə qoşulması olduqca rahatdır. Onlayn şəkildə qeydiyyatdan keçərək, ilkin qiymətin 10%-i həcmində beh ödəyib, seçdikləri əmlakı sifariş edə bilərlər. Qeyd edək ki, komitənin keçirdiyi hərracda istənilən şəxs sifarişçi və müşahidəçi kimi iştirak edə bilər.