Vətəndaşlara səyyar qaydada daşınmaz əmlakın qeydiyyatı xidmətlərı göstərilib

Vətəndaşlara səyyar qaydada daşınmaz əmlakın qeydiyyatı xidmətlərı göstərilib 11.05.2022 17:56

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər vətəndaşların yaşadıqları ünvanlarda davam etdirilir. 11 may tarixində keçirilmiş növbəti belə tədbir Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən “Rahat Həyat” və “Bağçalıevlər” MTK-ları tərəfindən inşa edilmiş yaşayış binalarını əhatə edib. Bu yaşayış komplekslərində 7000-dən artıq mənzil mövcuddur.

Qurum tərəfindən qeyd edilən ünvanda mobil ofislər vasitəsilə ilkin hüquqmüəyyənedici sənədlər qəbul olunub. Qanunvericiliklə müəyyən olunmuş müddətdə sakinlərə mülkiyyət sənədləri təqdim ediləcək. Qeyd edək ki, səyyar qəbul günü mobil ofislərə müraciət edə bilməyən sakinlər çıxarış əldə etmək üçün  sənədlərini ərazi qeydiyyat idarəsinə və ya “ASAN xidmət” mərkəzlərinə təqdim edə bilərlər.

Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə, vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.

Səyyar xidmət zamanı vətəndaşlara hüquqi məsləhət xidmətləri də göstərilib, vətəndaşların qeydiyyat prosesi və sənədlərlə bağlı sualları cavablandırılıb.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ölkə üzrə müxtəlif şəhər və rayonlarda səyyar qeydiyyat xidmətlərinin göstərilməsi davam etdiriləcək.