Ölkəmizdə özəlləşdirmə prosedurlarının sadələşdirilməsi, hərracların elektron müstəviyə keçidi, bu sahədə onlayn xidmətlərin tətbiqi, özəlləşməyə çıxarılan dövlət əmlaklarının müxtəlifliyi investorların, alıcıların cəlb edilməsinə istiqamətlənib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti aprel ayı ərzində 8 hərrac keçirib. Hərraclarda 1 yarımçıq tikili, 91 nəqliyyat vasitəsi özəlləşdirilib.
Ötən ay ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 6,1 milyon manat təşkil edib.
Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb olunması məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, ötən ay ərzində ümumilikdə 512 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 98-i qeyri-yaşayış sahələri üzrə, 414-ü isə torpaq sahələrinə dair olub. 2021-ci ilin aprel ayı ilə müqayisədə 372 ədəd və ya 3,65 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ay dövlət büdcəsinə ümumilikdə 2,3 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, aprel ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 8,4 milyon manat vəsait büdcəyə daxil olub.
Cari ilin 4 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 23,6 milyon manata yaxın vəsait daxil olub.