Türkiyə ilə model zavodun yaradılması, səmərəli transformasiya və məhsuldarlıq sahələrində əməkdaşlıq barədə sənəd imzalanıb

Türkiyə ilə model zavodun yaradılması, səmərəli transformasiya və məhsuldarlıq sahələrində əməkdaşlıq barədə sənəd imzalanıb 31.05.2022 09:06

Qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətlə inkişaf edir. “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasında strateji müttəfiqlik əlaqələrinin daha bir göstəricisidir. Bu fikirlər Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycan və Türkiyə birlikdə 21-ci əsrin enerji tarixini yazır, Avrasiyanın enerji xəritəsini yenidən formalaşdırırlar. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar çərçivəsində əməkdaşlıqda da fəallıq müşahidə olunur. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət əlaqələri genişlənir. Hökumətlər arasında imzalanmış Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin artımına əlavə stimul yaradır.

Görüşdə vurğulanıb ki, Türkiyə Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə, həmçinin Azərbaycanda qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında 1-ci yerdə qərarlaşır. Türkiyə ilə digər sahələrlə yanaşı, KOB, sənaye, əczaçılıq və tibbi avadanlıqların təchiz olunması, turizm, standartlaşdırma və metrologiya səhələrində də əməkdaşlıq genişlənir. Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirakını dəstəkləyir.

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafının önəmini vurğulayıb, bu sahədə potensialın daha dolğun reallaşdırılması istiqamətində fikirlərini bölüşüb.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi arasında model zavod, səmərəli transformasiya və məhsuldarlıq sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank imzalayıblar.