İranın Neft Nazirliyi ilə Anlaşma Memorandumu imzalanıb

İranın Neft Nazirliyi ilə Anlaşma Memorandumu imzalanıb 06.06.2022 10:16

İqtisadiyyat naziri Mikayıl Cabbarov və İran İslam Respublikasının neft naziri Cavad Övci arasında görüş keçirilib.

Görüşdə vurğulanıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və qarşılıqlı dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. Ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq inkişaf edir, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayı artır, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur. Bununla belə, əlaqələrin daha da genişləndirilməsi üçün potensial böyükdür.

Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıb, bir sıra sahələrdə, o cümlədən neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Sonda “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İran İslam Respublikasının Neft Nazirliyi arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Övci imzalayıblar. Sənəd iki ölkənin dövlət neft şirkətləri arasında əməkdaşlığın dəstəklənməsi yolu ilə təbii qaz sektorunda əlaqələrin genişləndirilməsini ehtiva edir.