Əmlak Məsələləri Dövlət Xidmətində özəlləşdirməyə açıq olan müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.
İclasda ilk olaraq Azərbaycan Respublikasının Prezidentinin 29 oktyabr 2021-ci il tarixli “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Sərəncamı ilə özəlləşdirilməyə açılmış müəssisə və obyektlərin özəlləşdirilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar dinlənilib. Sonra “ASK Şüşə” MMC-nin və “ASK İzolit” MMC-lnin özəlləşdirilmə perspektivləri, istehsal olunan məhsullar barədə geniş informasiya təqdim edilib, bu müəssisələrin tərkibində olan, lakin onlarla texnoloji bağlılığı olmayan və eyni ərazidə yerləşməyən sahə və bölmələrin ayrıca özəlləşdirilməsinin məqsədəuyğunluğu barədə müzakirələr aparılıb. Bu sahə və bölmələrin özəlləşdirilməsinin qiymətləndirilməsi üçün İşçi qrupunun üzvlərinin qeyd olunan müəssisələrlə bağlı təkliflərinin növbəti iclasadək təqdim edilməsi tövsiyə olunub.
İclasda özəlləşdirmə prosesinə nüfuzlu və beynəlxalq təcrübəyə malik məsləhətçi şirkətlərin cəlb edilməsi barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.