Elektron hərrac sisteminin tətbiqi ilə vətəndaş rahatlığına uyğunlaşdırılan növbəti hərrac avqustun 14-də reallaşacaq. Növbəti hərraca sərmayəçilər üçün yeni biznes imkanları yarada biləcək 192 dövlət əmlakı çıxarılıb. Bunlardan 19-u səhmdar cəmiyyəti, 97-si kiçik dövlət müəssisə və obyekti, 60-ı qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsidir. Budəfəki hərraca çıxarılan dövlət əmlaklarının fəaliyyət istiqamətinin, ərazi, ümumi faydalı sahə və qiymət kateqoriyalarının müxtəlif olması investorlara geniş seçim imkanı vəd edir.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Salyan, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. Bu səhmdar cəmiyyətlərin 30-45%-lik intervalda səhm paketləri prosesə çıxarılmışdır. Azərmetalinvest, Bərdə Kərpic, Kürdəmir Quşçuluq kimi səhmdar cəmiyyətləri sənaye, təmir-tikinti, aqrar və digər iqtisadi sahələr üzrə fəaliyyət göstərməyə imkan verir.
Çoxlu sayda mağaza, kafe-restoran, zavod, fabriklərin rayon filialları və digər xidmət sahələri üzrə kiçik dövlət müəssisə və obyektləri vətəndaşların sahibkarlıq arzularının reallaşdıra biləcək əmlaklardır. Ümumi faydalı sahəsi 1562 kv.m, torpaq sahəsi ilə birlikdə 450 min manat ilkin qiymət təyin olunan "İstisu" mehmanxanası” Yevlax rayonunda yerləşir. Obyektin özəlləşdirilərək müasir və fərqli formada yenidən qurulması investora turizm xidmətlərində yüksək gəlir qazandırmaqla bərabər, bölgəyə turist axınına şərait yarada biləcək. Tərtər şəhəri, E.Hüseynov küçəsində yerləşən “Tərtər” kinoteatrının ümumi faydalı sahəsi 376 kv.m-dir. Fəaliyyətinin bərpa edilməsi ilkin qiyməti 30 min manat təyin olunan bu əmlakı sakinlərin asudə vaxtlarını keçirməsinə xidmət edən obyektə çevirə bilər.
Volkswagen, Chevrolet, BMW, QAZ, Kamaz kimi avtomobil brendlərindən olan, buraxılış ili 1989-2012 intervalındakı maşınlar hərraca çıxarılan dövlət əmlakları arasındadır. Hər kəsə maraqlı ola biləcək bu nəqliyyat vasitələrinə ən aşağı ilkin qiymət 800 manat, ən yuxarı isə 9 min manat təyin olunub.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 11 kv.m ilə 376 kv.m, ilkin qiyməti isə 900 manat və 100 min manat aralığındadır. Bu dövlət əmlakları Bakı, Gəncə, Mingəçevir, Şirvan kimi müxtəlif şəhər və rayonlarda yerləşir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarlıqla məşğul olmaq arzusunda olan şəxsləri, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.