Əmlak Məsələləri Dövlət Komitəsi BMT Avropa İqtisadi Komissiyasının tədbirinə sədrlik etmişdir

Əmlak Məsələləri Dövlət Komitəsi BMT Avropa İqtisadi Komissiyasının tədbirinə sədrlik etmişdir 30.01.2019 16:25

Tədbirdə daşınmaz əmlak idarəçiliyi məsələləri müzakirə edilmişdir. Bununla əlaqədar, BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə hökumətlərarası İşçi Qrupunun cari il ərzində gördüyü işlərlə bağlı geniş hesabatı təqdim edilmişdir. Daşınmaz Əmlak İdarəçiliyi üzrə hökumətlərarası İşçi Qrupunun sədri olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi sessiyanın daşınmaz əmlak idarəçiliyi blokunu açıq elan etdi.  Tədbir iştirakçılarına 56 üzv dövlətin daşınmaz əmlak idarəçiliyi sistemlərinin təşviqi və inkişaf etdirilməsi istiqamətində hökumətlərarası İşçi Qrupu tərəfindən həyata keçirilmiş tədbirlərin icra vəziyyəti, Avropa İqtisadi Komissiyası regionu üçün işlənib hazırlanmış daşınmaz əmlakın idarə edilməsi strategiyasının üzv dövlətlərdə tətbiqi, iqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün daşınmaz əmlak idarəçiliyi sistemlərinin müvafiq rolu və bu sahədə ölkələr arasındakı təcrübə mübadiləsi, habelə son bir il ərzində İşçi Qrupu tərəfindən müxtəlif ölkələrdə təşkil edilmiş konfrans, seminar və forumların gedişi və 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verildi.

Tədbir çərçivəsində Daşınmaz Əmlak İdarəçiliyi üzrə hökumətlərarası İşçi Qrupunun Büro üzvləri olan dövlətlərin nümayəndələri daşınmaz əmlak idarəçiliyinin müxtəlif aktual mövzularına həsr edilmiş təqdimatlarla çıxış etdilər.

Beləliklə, BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsinin 2 gün davam edən 75-ci Sessiyası öz işini uğurla başa vurdu.