Daşınmaz əmlakın qeydiyyatı 16,6% artıb

Daşınmaz əmlakın qeydiyyatı 16,6% artıb 14.07.2022 17:21
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən digər fəaliyyət sahələrində olduğu kimi, daşınmaz əmlakın qeydiyyatı sahəsində də həyata keçirilən innovativ addımlar vətəndaş məmnunluğuna ünvanlanıb. Tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə səbəb olub. Belə ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində 168.532 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% çoxdur.

6 aylıq göstəricinin 42.955-i (25,5%-i) ilkin, 125.577-si (74,5%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində ilkin qeydiyyat 29,7% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 23.057-si fərdi yaşayış və bağ evi, 40.987-si mənzil, 98.866-sı torpaq sahəsi, 1.780-i qeyri-yaşayış binası, 3.417-si qeyri-yaşayış sahəsi, 401-i əmlak kompleksi,  23-ü çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlaklın 25,8%-i Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.

Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha da artmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 6 ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 3,1 dəfə artaraq 24.046 olub.

Cari ilin yanvar-iyun ayları ərzində 131.152 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,1% artım deməkdir. 2022-ci ilin ilk 6 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 46,9% artaraq 34.126 təşkil edib.

Daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğuna xidmət edən yeniliklər cari ildə də davam etdilir. Yeniliklərdən biri İpoteka Kağızının Elektron Sisteminin tətbiqidir. Sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi, həmin sənədin qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.