İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-iyun ayları ərzində 38 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 319 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin ilk 6 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 222 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 61 onlayn qoşulma reallaşıb.
2022-ci ilin yanvar-iyun ayları ərzində hərrac vasitəsilə 16 faydalı qazıntı yatağı istismara verilib.
Bu ilin birinci yarımilliyində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 7,5 milyon manata yaxın vəsait qoyulub və 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi keçirilib.
Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 25,8 milyon manatdan çox olub.
Əmlak Məsələləri Dövlət Xidməti cari ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, cari ilin ilk 6 ayı ərzində ümumilikdə 2 112 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 465-i qeyri-yaşayış sahələri üzrə, 1 647-si isə torpaq sahələrinə dair olub. 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 12,3 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 38,1 milyon manat vəsait büdcəyə daxil olub.