Komitə tərəfindən innovativ üsulların tətbiqi ilə növbəti hərrac 24 iyul tarixində reallaşdı. Bu hərracda 12 dövlət əmlakına vətəndaşlar tərəfindən 17 sifariş verilmişdir. Elektron hərrac sistemi investorların vaxtına qənaəti təmin edir və onların onlayn formada müraciət etməsinə şərait yaradır. Budəfəki hərracda da bu üstünlüklərdən 2 nəfər istifadə edərək elektron formada sifariş vermişdir.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Oğuz rayonunda yerləşən Filfili kənd klubudur. Torpaq sahəsi ilə birgə özəlləşdirilən bu dövlət əmlakının ümumi faydalı sahəsi 243.8 kv.m-dir. Sifarişçi 15 min manat ödəyərək bu əmlakın sahibinə çevrildi.
Bakı şəhəri üzrə özəlləşdirilən qeyri-yaşayış sahələrindən 2-si Nizami rayonunda digərləri isə Yasamal, Binəqədi və Suraxanı rayonlarındadır. Bu kateqoriyadan olan digər dövlət əmlaklarının 2-si Mingəçevirdə, 1-i isə Sumqayıtda yerləşir. Bakı şəhəri, Nizami rayonunda yerləşən, ümumi faydalı sahəsi 70 kv.m olan əmlakdan müxtəlif sahələr üzrə xidmət obyekti kimi istifadə etmək olar. Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən ümumi faydalı sahəsi 34 kv.m olan əmlak üzrə hərrac qalibi olan investor bu obyekti yaxşı gəlir mənbəyi olan xidmət sahəsinə çevirə bilər.
Ümumi faydalı sahəsi 919.7 kv.m olan Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində təsərrüfat anbarının yarımçıq tikilisinə ilkin qiymət torpaq sahəsi ilə birgə 15 min manat təyin olunmuşdur. İnvestor təyin olunan bu məbləği ödəyərək dövlət əmlakını özəlləşdirdi.
Hərracda sifariş verilmiş Nissan markalı nəqliyyat vasitəsinin buraxılış tarixi 2006-cı ildir. İştirakçı 2 min 350 manat ödəyərək Yaponiya istehsalı olan avtomobilə sahib oldu.
Qeyd edək ki, bu ilin ilk altı ayı ərzində dövlət əmlaklarının özəlləşdirilməsi istiqamətində 100-dən artıq hərrac keçirilmişdir. Bu hərraclarda 500-ə yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilmişdir. Vətəndaşlar komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaqla keçirilən hərracların nəticələri ilə tanış ola bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 31 iyul tarixində keçiriləcək. Belə ki, iyulun son hərracına müxtəlif çeşidli 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyəti, 31-i kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.
Komitə tərəfindən mütəmadi olaraq yenilənən Özəlləşdirmə portalında hərraca çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat var. İnvestor hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları ilə tanış olaraq, elektron sifariş verə bilər. Həm hərrac iştirakçıları, həm də ziyarətçilər hərracın keçirildiyi məkana gəlməklə və ya onlayn formada prosesi izləyə bilərlər.