Əmlak Məsələləri Dövlət Komitəsi sədri Zaqatala rayonunda vətəndaşların müraciətlərini dinləyib

Əmlak Məsələləri Dövlət Komitəsi sədri Zaqatala rayonunda vətəndaşların müraciətlərini dinləyib 30.01.2019 16:25

Bütün vətəndaş müraciətlərini həssaslıqla dinləyən komitə sədri Kərəm Həsənov müraciətlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar verir. Verilən tapşırıqlara əsasən bir sıra vətəndaş müraciətləri elə həmin gün öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin həll olunması üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verildi. Komitənin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürüldü.

Komitə sədri Kərəm Həsənov  torpaqların kateqoriyaları ilə bağlı tələblərə riayət olunmasının vacibliyini bildirib, əks halda qanunvericiliklə müvafiq tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, mühafizə zolaqlarının tələblərinə əməl edilməyən torpaq istifadəçiliyinə, torpaqların münbit qatının korlanmasına, xüsusən kənd təsərrüfatı torpaqlarının təyinatına uyğun istifadə olunmasına qarşı nəzarət tədbirləri gücləndirilib.

Bildirilib ki, torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbuluna, bu sahədə dövlət nəzarətinin daha effektiv həyata keçirilməsinə, o cümlədən torpaq balansını dəqiqləşdirməyə imkan verən torpaqların elektron kadastr uçotu işləri 19 rayonda yekunlaşıb. 8 rayonda elektron kadastr uçot işləri üzrə görülən işlərin nəticələri müvafiq dövlət qurumlarının praktiki istifadəsinə verilib.

Bildirilib ki, dövlət başçısının 19 iyul 2016-ci il tarixli fərmanına uyğun olaraq özəlləşdirmənin sürətləndirilməsi ölkədə geniş sahibkarlıq təbəqəsini formalaşdırır, iqtisadiyyatda  fəallığı artırır, yeni iş yerlərinin  açılmasına imkan verir. Yerli və xarici investorların cəlb edilməsi məqsədilə özəlləşməyə yeni dövlət əmlakları çıxarılır, həmin əmlaklar haqqında məlumatlar isə ətraflı olaraq “Özəlləşmə” portalında yerləşdirilir. Qəbul zamanı vətəndaşlara özəlləşdirməni sadələşdirən və effektivliyini artıran elektron hərrac sistemi barədə də məlumat verilib. Bildirilib ki, cari il ərzində ümumilikdə 100 -dən artıq hərrac keçirilib, 500-ə yaxın dövlət əmlakı özəlləşdirilib.

Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə struktur bölmələr tərəfindən göstərilən xidmətlərdə maksimum məmnunluğun , çevikliyin , əlçatanlığın , şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, qeydiyyatla bağlı işlər təkmilləşdirilməli , qanunvericilik çərçivəsində vətəndaş maraqlarının təminatına əsəslanaraq müraciətlər operativ həll olunmalıdır. Sonda vətəndaşlar razılıqlarını ifadə ediblər.

Reqional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.