Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə inşa olunmuş evlərin mülkiyyət hüququ rəsmiləşdirilir

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə inşa olunmuş evlərin mülkiyyət hüququ rəsmiləşdirilir 24.10.2022 12:20

Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində müvafiq tədbirlər görülür.

Fərmanın icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Zaqatala rayonunda səyyar qeydiyyat xidmətləri göstərilib. Belə ki, təbii fəlakət nəticəsində dağılmış və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi məqsədilə səyyar qeydiyyat xidməti göstərilib. Qeyd edək ki, Zaqatala rayonunda Fərmanın əhatə etdiyi 5 min ev siyahıya alınıb.

Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.

Əmlak Məsələləri Dövlət Xidməti Fərmanın icrası çərçivəsində yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan siyahıya uyğun olaraq (Gəncə, Şəki, Yevlax, Şirvan, Balakən, Beyləqan, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Qax, Qəbələ, Şamaxı, Zərdab) səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.

Məlumat üçün bildiririk ki, Fərmanın əhatə etdiyi şəxslərin adlı siyahısı Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) yerləşdiriləcək.