Oktyabrın 25-də keçirilən hərracda 21 dövlət əmlakı özəlləşdirilib

Oktyabrın 25-də keçirilən hərracda 21 dövlət əmlakı özəlləşdirilib 26.10.2022 10:12

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 25-də keçirilən hərracda 1 obyekt, 20 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 96 sifariş qəbul edilib, bunun 5-i elektron qaydada həyata keçirilib.

Özəlləşdirilən obyekt Bakının Qaradağ rayonunda yerləşən “Şadlıq evi”dir. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlak 39000 manata satılıb. 

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara onlayn şəkildə qatılmaq imkanları iştirakı daha da sadələşdirib. Bu isə, hərrac iştirakçılarının sayında artıma səbəb olur. Hərracların əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir.

Budəfəki hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. Belə ki, ilkin satış qiyməti 6500 manat olan “Nissan Sunny” markalı avtomobilə edilən son təklif 10650 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 10000 manat olan “Kia Sorento” markalı nəqliyyat vasitəsi 15000 manata satılıb. 

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: https://clck.ru/sKmjK

Məlumat üçün bildiririk ki, növbəti hərraclar noyabrın 15-i və 22-də keçiriləcək. Hərraclara 6 səhmdar cəmiyyətinin səhm paketi, 25 kiçik dövlət müəssisəsi və obyekti, 73 nəqliyyat vasitəsi çıxarılacaq.