Noyabrın 15-də keçirilən hərracda 31 dövlət əmlakı özəlləşdirilib

Noyabrın 15-də keçirilən hərracda 31 dövlət əmlakı özəlləşdirilib 16.11.2022 15:01

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 15 noyabr tarixində keçirilib. Hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 1 helikopter və 29 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərracda “Yevlax tikinti servis” səhmdar cəmiyyətinin 30,12% səhm paketi satılıb. “Airbus Helicopters EC-135P2” markalı helikopter ilkin start qiymətinə - 1 milyon manata özəlləşdirilib. Buraxılış tarixi 2009-cu il olan helikopterin uçuş müddəti 90 saatdır.

 Budəfəki hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. Belə ki, ilkin satış qiyməti 7600 manat olan “BMW 523İ” markalı avtomobilə edilən son təklif 14200 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 15000 manat olan “Toyota HILUX MİNİK” markalı nəqliyyat vasitəsi 24350 manata satılıb.

Özəlləşdirilən dövlət əmlaklarından 1,2 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3EbTPSD)

Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar 22, 29 və 30 noyabr tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 4 səhmdar cəmiyyətinin səhm paketi, 26 kiçik dövlət müəssisə və obyekti, 61 nəqliyyat vasitəsi çıxarılacaq.