Torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş növbəti zona müşavirəsi Lənkəranda keçirilib

Torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş növbəti zona müşavirəsi Lənkəranda keçirilib 02.12.2022 16:30

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dekabrın 2-də torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş zona müşavirəsi keçirilib. Müşavirədə Lənkəran, Astara, Lerik, Cəlilabad, Masallı, Biləsuvar, Yardımlı rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov vurğulayıb ki, dövlət başçısı tərəfindən təsdiq edilən inkişaf strategiyalarında müəyyən edilmiş hədəflərə nail olunmasında ölkənin mühüm təbii və iqtisadi resursu olan torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin düzgün tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir.

Müşavirədə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi,  bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, 2020-2022-ci illərdə regionu əhatə edən rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələbləri pozulur.

Aparılmış monitorinqlər nəticəsində 2020-2022-ci illər ərzində cənub regionunda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın hal aşkar edilərək sənədləşdirilib. Bu dövrdə rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 560 inzibati protokol tərtib edilib, 261 min manat məbləğində cərimə tətbiq olub. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq icra hakimiyyətləri orqanlarına müraciətlər edilib. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin gücləndirilməsinin, təsirli tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.

Diqqətə çatdırılıb ki, torpaq istifadəçiliyinin nizama salınması ilə bağlı Xidmətlə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və digər dövlət  qurumları arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulması günün tələbidir. Həmçinin, torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.

Sonda müşavirədə qeyd olunanlarla bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub.