Azərbaycan-İsveçrə Birgə Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan-İsveçrə Birgə Komissiyasının növbəti iclası keçirilib 14.12.2022 10:07

Dekabrın 13-də iqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bollingerlə görüşüb.

Tərəflər ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi, şaxələndirilməsi və işgüzar dairələr arasında yeni biznes təşəbbüslərinin dəstəklənməsi barədə fikir mübadiləsi aparıblar.

Həmin gün Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçirilib.

İclada çıxış edən Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycan beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı, regionun mühüm tranzit mərkəzi olmaqla Avropanın etibarlı enerji tərəfdaşıdır. Vurğulanıb ki, 9-cu iclası keçirilən Birgə Komissiya müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı, eləcə də əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi üçün mühüm mexanizm və səmərəli platformadır. Qeyd olunub ki, ölkəmiz İsveçrə ilə ticarət, investisiya, sənaye və enerji sahələrində əməkdaşlıq edir və İsveçrə Azərbaycanın qeyri-neft sektoruna ən çox birbaşa xarici sərmayə yatıran ölkələrdəndir. Bununla yanaşı, Azərbaycanda inkişaf layihələrinin maliyyələşdirilməsi sahəsində İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə uğurlu tərəfdaşlıq həyata keçirilir. Bununla belə, rəqəmsal iqtisadiyyat, innovasiyalar, turizm, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial var.

İsveçrə ilə Azərbaycan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri, İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bollinger İsveçrə şirkətlərinin Azərbaycanın biznes və investisiya mühitini müsbət qiymətləndirdiyini və Azərbaycanda uğurlu fəaliyyətini qeyd edib. Birgə Komissiyanın həmsədri ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

İclasda ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, enerji, rəqəmsal iqtisadiyyat, turizm və digər sahələrdə əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub, iclas iştirakçılarının təklifləri dinlənilib.

Sonda Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasının protokolu imzalanıb.

Sənəddə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının müxtəlif sahələr üzrə inkişafı nəzərdə tutulur.