Daşınmaz əmlakın qeydiyyatında yüksək göstərici qeydə alınıb

Daşınmaz əmlakın qeydiyyatında yüksək göstərici qeydə alınıb 19.12.2022 15:25
Qeydiyyat prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, aparılan təbliğat və maarifləndirmə işləri daşınmaz əmlakın qeydiyyatı sahəsində göstəricilərin yüksək olmasına səbəb olub. Ötən illərlə müqayisədə bu sahədə ən yüksək göstərici isə bu ilin yanvar-noyabr aylarında qeydə alınıb. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-noyabr ayları ərzində 332.343 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2021-ci il ərzində ümumi qeydə alınan göstəricidən 27.305 ədəd çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə daşınmaz əmlak üzərində mülkiyyət hüququ 21,9% artıb.

11 aylıq göstəricinin 77.733-ü (23,4%) ilkin, 254.610-u (76,6%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində ilkin qeydiyyat 32,8% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan  45.033-ü fərdi yaşayış və bağ evi, 84.273-ü mənzil, 192.156-sı torpaq sahəsi, 3.231-i qeyri-yaşayış binası, 6.857-si qeyri-yaşayış sahəsi, 732-si əmlak kompleksi, 60-ı çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 11 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 25,8%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
 
Torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artıb
 
Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 36.835 olub.
 
Cari ilin yanvar-noyabr aylarında 65 minə yaxın ipoteka müqaviləsi qeydiyyat alınıb
 
Bu ilin 11 ayı ərzində 262.647 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artım deməkdir. 2022-ci ilin yanvar-noyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38% artaraq 64.963 olub.