İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri Dubravka Djedoviçlə görüşüb.
Görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin, siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır. İqtisadiyyat naziri ölkəmizdə aparılan iqtisadi islahatlar barədə məlumat verib, ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, İKT sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb və bu sahələrdə əlaqələrin gücləndirilməsinə dair fikirlərini bölüşüb.
Serbiyanın Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali ölkəsinin Azərbaycanla tərəfdaşlıqda maraqlı olduğunu qeyd edib, Serbiya-Azərbaycan iqtisadi əməkdaşlığının perspektiv istiqamətləri barədə danışıb.
Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib, bu günlərdə Rumıniyada imzalanmış yaşıl enerji ilə bağlı Sazişin önəmini diqqətə çatdırıb.
Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.