Tərtərdə Vətən müharibəsi zamanı dağılmış yaşayış sahələrinin əvəzinə inşa edilən evlərin mülkiyyət hüququ rəsmiləşdirilib

Tərtərdə Vətən müharibəsi zamanı dağılmış yaşayış sahələrinin əvəzinə inşa edilən evlərin mülkiyyət hüququ rəsmiləşdirilib 23.12.2022 16:40
Dövlət başçısının “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində müvafiq tədbirlər görülür.

Dekabrın 23-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Tərtər rayonunda səyyar qeydiyyat xidmətləri göstərilib, erməni terroru nəticəsində dağıdılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi aparılıb. Qeyd edək ki, Tərtər rayonunda Fərmanın əhatə etdiyi 70 evin sənədləri dövlət qeydiyyatına alınıb.

Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.

Məlumat üçün bildiririk ki, Xidmətin rəsmi saytında “Azərbaycan Respublikasının Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanının əhatə etdiyi şəxslərin adlı siyahısı” paneli yerləşdirilib. Paneldə Fərmanın əhatə etdiyi şəhər və rayonların siyahısı, şəxslərin adı qeyd edilib. Linkə keçid etməklə siyahı ilə tanış olmaq mümkündür: (https://clck.ru/335puJ)      
                                                                           
Bu günədək Fərmanın icrası ilə əlaqədar 639 yaşayış sahəsinin mülkiyyət hüquqları qeydiyyata alınıb.

Əmlak Məsələləri Dövlət Xidməti səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.