Uzufrukt daşınmaz əmlakın elə yüklülüyüdür ki, bu zaman xeyrinə yüklülük müəyyənləşdirilən şəxs ondan istifadə edə və fayda götürə bilər. Lakin mülkiyyətçidən fərqli olaraq uzufruktuar daşınmaz əmlakı girov qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik üzrə vermək hüququna malik deyildir. Daşınmaz əmlak üzərində uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi xidmətləri Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarında və elektron formada göstərilir.
Uzufruktun dövlət qeydiyyatına alınması üçün müşayiət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, notariat qaydasında təsdiq olunmuş uzufrukt müqaviləsi, ərizə və digər sənədlər tələb olunur. 3 iş günü ərzində həyata keçirilən xidmət üçün 30 manat dövlət rüsumu, mənzillər, fərdi yaşayış və bağ evləri, yaşayış evlərinin həyətyanı sahələri, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və çoxillik əkmələr üzrə 30 manat, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr, qurğular, kommunikasiyalar, digər təyinatlı torpaq sahələri, su obyektləri (su tutarları), meşələr və yerin təki sahələri üzrə 120 manat olmaqla xidmət haqqı tələb olunur. Qeyd edək ki, ödəniş bank hesabı, onlayn və terminal vasitəsilə aparıla bilər. Xidmətdən onlayn formada istifadə etmək istəyənlər Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalındakı (e-emlak.gov.az) “Daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” xidmətinə daxil ola bilər. Bu xidmətdən istifadə etməklə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış uzufrukt müqaviləsinin tərəfinə təqdim edilir.
Uzufruktun dövlət qeydiyyatının ləğv edilməsi üçün tələb olunan sənədlərə uzufrukta xitam verilməsi barədə notarial qaydada təsdiq edilmiş razılaşma, müşayiət məktubu, ərizə, uzufruktuarın uzufruktdan imtinası barədə sənəd və digərləri aiddir. 3 iş günü ərzində həyata keçirilən xidmət üçün 30 manat dövlət rüsumu, mənzillər, fərdi yaşayış və bağ evləri, yaşayış evlərinin həyətyanı sahələri, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və çoxillik əkmələr üzrə 30 manat, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr, qurğular, kommunikasiyalar, digər təyinatlı torpaq sahələri, su obyektləri (su tutarları), meşələr və yerin təki sahələri üzrə 120 manat olmaqla xidmət haqqı tələb olunur. Xidmətdən onlayn formada istifadə etmək istəyənlər Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalındakı (e-emlak.gov.az) “Daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” xidmətinə daxil ola bilərlər.
Bu xidmətlərdən istifadə etmək istəyən vətəndaşlar elektron formada müraciətlə bərabər, Əmlak Xidmətləri Məkanına və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrinə yaxınlaşa bilərlər.