Son 1 ay ərzində aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında torpaqlardan 140 qeyri-qanuni istifadə halı qeydə alınıb. Artıq 25 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub. Ümumilikdə respublika üzrə aparılan monitorinqlər nəticəsində 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qeyd edilməlidir ki, belə hallardan biri də Abşeron rayonu, Hökmalı kəndi ərazisində müşahidə edilib. Belə ki, həmin ərazidə yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolaqlarında yerləşən torpaqlarda qeyri-qanuni tikintilərin inşası qeydə alınıb. Məlum olub ki, tikinti işləri Torpaq Məcəlləsinin və “Torpaq icarəsi haqqında” qanunun müvafiq maddələrinin tələblərini pozur. Əmlak Məsələləri Dövlət Komitəsinin müfəttişlərinin Abşeron Rayon İcra Hakimiyyətinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin Hökmalı kəndində birgə apardığı monitorinq nəticəsində həmin tikililərin inşası dayandırılıb.
Monitorinqlər zamanı aşkar edilən hallar vətəndaşların həyatı üçün təhlükə mənbəyi olmaqla yanaşı, mülkiyyət hüquqlarının həyata keçirilməsində də çətinliklər yaradır. Eləcə də, qanunsuz tikintilərin mühafizə zolaqlarında aparılması həmin kommunikasiya xətlərinə cavabdeh olan təşkilatların fəaliyyətində də problemlər yaradır. Bununla əlaqədar olaraq həmin təşkilatlara komitə tərəfindən onlara rəsmi müraciətlər olunub, Nazirlər Kabinetinə məktub ünvanlanıb.