7 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

20.02.2023 16:12
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aprelin 5-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Hərraca Abşeronda yerləşən “Qobu” gil yatağı (5 ha), “Güzdək” əhəngdaşı yatağı (5 ha) çıxarılacaq. Bununla yanaşı, digər regionlarda da yerləşən faydalı qazıntı yataqları hərraca çıxarılacaq. Belə ki, Ağdamda olan “Qarqarçay” qum-çınqıl yatağı (5 ha), Şəmkirdə “Alabaşlı” hematit yatağı (5,34 ha), Göygöldə “Qızılca” plagioporfir yatağı (3 ha), Qubada “Qorxmazoba” qum-çınqıl yatağı (25 ha), Ağcabədidə “Şahmalı” qum-çınqıl yatağı (2 ha) investorlara təklif olunacaq. 

İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri 29 mart 2023-cü il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/33aw8P) və “Özəlləşdirmə portalı”nda (https://clck.ru/33awDf) tanış olmaq olar.