İclasda 2022-ci il ərzində görülən işlər və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində 2023-cü ildə həyata keçiriləcək tədbirlər diqqətə çatdırılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci ildə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Azərbaycanda aparılan uğurlu islahatlardan danışan Xidmət rəisi Mətin Eynullayev bildirib ki, Dövlət Xidməti ölkə başçısının fərman və sərəncamları ilə verilmiş tapşırıqların vaxtında və tam həcmdə icrasının təmin edilməsi istiqamətində işlərini davam etdirir.
Ötən il ərzində Dövlət Xidməti tərəfindən daşınmaz əmlak idarəçiliyi və mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, xidmətlərin elektronlaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətlərində tədbirlər həyata keçirilib.
2023-cü ildə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran Dövlət Xidmətinin rəisi bildirib ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində Dövlət Xidmətinin fəaliyyət sahələri ilə bağlı işlər sürətlə davam etdirilməlidir.
Tədbirdə ölkənin iqtisadi inkişafında mühüm rol oynayan, investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli olan özəlləşdirilmə prosesinin sürətləndirilməsi, o cümlədən dövlət əmlakının icarəyə verilməsi sahəsində qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı işlərdən bəhs olunub. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində görüləcək tədbirlər də diqqət mərkəzində saxlanılıb. Qeyd olunub ki, hüquqların elektron qeydiyyatı üçün zəruri sənədlərin və məlumatların informasiya sistemləri vasitəsilə əldə edilməsi prosesi intensivləşdiriləcək.
İclasda Xidmət nümayəndələrinin çıxışları dinlənilib.