Martın 7-də keçirilən hərracda özəlləşdirilən əmlaklar

Martın 7-də keçirilən hərracda özəlləşdirilən əmlaklar 09.03.2023 15:16

Növbəti hərracda 46 dövlət əmlakı özəlləşdirilib. Avtomobillərin əksəriyyəti rəqabətli şəkildə satılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 7-də keçirilmiş hərracda 1 kiçik dövlət müəssisəsi və obyekti, 45 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 347 sifariş qəbul edilib, bunun 49-u elektron qaydada həyata keçirilib. 

Özəlləşdirilən obyekt Şirvan rayonunda yerləşən 27 saylı mağazadır. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlak 26 000 manata satılıb.  

Budəfəki hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. Belə ki, ilkin satış qiyməti 7 800 manat olan “Land Rover” markalı avtomobilə edilən ən son təklif 22 000 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 5 500 manat olan “QAZ 3302-14” markalı nəqliyyat vasitəsi 12 055 manata satılıb. 

7 mart hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 323 760 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33ihWp)