Ucarda zona müşavirəsi keçirilib

Ucarda zona müşavirəsi keçirilib 15.03.2023 16:08
Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonları üzrə 303 564 hektar ərazidə yerləşən torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.

Ucar şəhərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilən zona müşavirəsi keçirilib. Müşavirədə Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyə nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov vurğulayıb ki, dövlət başçısı tərəfindən təsdiq edilən inkişaf strategiyalarında müəyyən edilmiş hədəflərə nail olunmasında ölkənin potensial imkanlarının əsas elementi kimi qiymətləndirilən torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Müşavirədə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumatlar verilib. Bildirilib ki, Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonları üzrə ümumilikdə 404 748 hektar ərazinin hazırda 303 564 hektarında torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.

2022-ci ildə regionu əhatə edən rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələbləri pozulur. Monitorinqlər nəticəsində 2022-ci il ərzində adıçəkilən rayonlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 135 hal aşkar edilərək sənədləşdirilib. Bu dövrdə rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 57 inzibati protokol tərtib edilib, 26 330 manat məbləğində cərimə tətbiq olunub. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq orqanlara müraciətlər edilib. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, təsirli tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.

Sonda müşavirədə qeyd olunanlarla bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub.