İqtisadiyyat Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib 30.03.2023 16:33

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşdə Bankın dəstəyi ilə Azərbaycanda reallaşdırılan layihə və təşəbbüslər, potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb. Görüşdə Dünya Bankı ilə tərəfdaşlığa xüsusi önəm verildiyi, müxtəlif istiqamətlər üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, Bankın ölkəmizdə həyata keçirilən mühüm layihələrə göstərdiyi davamlı dəstəyinə görə təşəkkür ifadə olunub.

Görüşdə ölkəmizin yeni transformasiya dövründə olduğu vurğulanaraq aparılan iqtisadi islahatlar, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərində əks olunan strateji istiqamətlər üzrə görülən işlər barədə məlumat verilib.

Sebastian Molineus Azərbaycanla səmərəli əlaqələri diqqətə çatdırıb, iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlərə dair fikirlərini bölüşüb. Tərəflər Dünya Bankının hazırladığı investisiya layihələri, 2023-2028-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi, 2023-2026-cı illərdə Bankın ölkəmizlə əməkdaşlıq planları və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Digər şəkillər