Növbəti hərracda 4 obyekt və 1 yarımçıq tikili özəlləşdirilib

Növbəti hərracda 4 obyekt və 1 yarımçıq tikili özəlləşdirilib 30.03.2023 17:36

Martın 28-də keçirilən hərracda ticarət obyektinə ilkin start qiymətindən 2 dəfə çox məbləğ təklif edilib.

 

İnvestorlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir imkandan yararlanıblar.Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 28-də növbəti hərrac keçirilib.

Hərraca həm iri, həm də kiçik həcmli sərmayə tələb edən müxtəlif çeşidli obyektlər çıxarılıb. Budəfəki hərracda 4 obyekt və 1 yarımçıq tikili özəlləşdirilib. 

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə hərraclara qatılmaq imkanı alıcıların marağını artırır. Bütün bunlar isə hərracı daha da rəqabətli edir. Martın 28-də keçirilən hərracda əmlaklardan birinin qiyməti 2 dəfə çox artıb. Belə ki, Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən mağazanın ilkin start qiyməti 9 min manat olsa da, son təklif 18 500 manatadək yüksəlib. Mağazanın ümumi faydalı sahəsi 97 kvadratmetr, torpaq sahəsi isə 170 kvadratmetrdir. Bu əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. 

 Hərracda özəlləşdirilən yarımçıq tikili Gəncə şəhərində yerləşir. Torpaq sahəsi 4521 kvadratmetr olan əmlak 110 000 manata satılıb.

28 mart hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 164 750 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür:( https://clck.ru/33ihWp )  

Məlumat üçün bildiririk ki, növbəti hərraclar 4, 11, 12, 18 aprel tarixlərində keçiriləcək. Hərraclara 88 əmlak çıxarılacaq.