Ümumiyyətlə, komitə 2012-ci ildən etibarən elektron xidmətlərin tətbiqinə başlayıb və getdikcə xidmətlərin sayı artırılıb. Hazırda komitə fəaliyyət sahələri üzrə elektronlaşdırma tədbirlərini davam etdirir. Ötən il yaradılmış elektron xidmətlər portalında hazırda 29 elektron xidmət vətəndaşlara təqdim olunur. E-xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib. Bunlardan 25-i interaktiv, 4-ü isə informativ xidmətlərdir. Qeyd olunan interaktiv xidmətlərə səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclarla bağlı e-xidmətlər aiddir. Bu xidmətlər sayəsində artıq dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlər elektron qaydada qəbul edilir. Bundan başqa dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsinə dair e-xidmətlər də fəaliyyət göstərir. 2012-ci ildən 2014-cü ilin 01 oktyabr tarixinədək hüquqi və fiziki şəxslər tərəfindən komitənin qurumlarına 107300-dən çox elektron müraciət daxil olub.
Müşavirədə vurğulanıb ki, bu ilin mart ayından etibarən daşınmaz əmlakın qeydiyyatı sahəsində onlayn xidmətlərin tətbiqinə başlanılıb. 2014-cü il 3 mart tarixindən etibarən daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt rejimində - onlayn verilməsi həyata keçirilir. Eyni zamanda, digər yeni onlayn xidmət istifadəyə verilib. Bu daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların internet vasitəsilə verilməsi ilə bağlıdır. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklü, girovda və ya həbsdə olması və digər reyestr məlumatlarını onlayn əldə edirlər.
Komitə sədri çıxışında qeyd edib ki, komitədə fəaliyyətin müasirləşdirilməsi məqsədilə kompeks İKT tədbirləri həyata keçirilir. Beynəlxalq məsləhətçilərlə birgə komitənin uzunmüddətli İKT strategiyası hazırlanıb. Hazırda daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər aparılır. Bu sistemin işə düşməsilə, müəyyən olunmuş qaydalar əsasında, bütün dövlət qurumları və müvafiq təşkilatlar daşınmaz əmlaklar barədə zəruri informasiyaları çevik, dəqiq və rahat əldə edə biləcəklər. Bu məqsədlə, hazırda Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tikilir. Mərkəz komitə üzrə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafını, yeni informasiya sistemlərinin yaradılmasını təmin edəcək.
01 mart 2014-cü il tarixindən etibarən, Ünvan Reyestri İnformasiya Sisteminin Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ilkin mərhələdə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir.
Komitə sədri bildirib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması məqsədilə bu ilin aprelindən etibarən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı mobil ofis xidmətləri istifadəyə verilib. Mobil ofislər vasitəsilə qeydiyyat xidmətləri xüsusi təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlara) ünvanına çatdırılır. Yerindəcə göstərilən belə xidmətlər əlavə vaxt itkisinin qarşısının alınmasında xüsusilə faydalıdır. Ünvanlarda göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir. Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 10 minə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Müşavirədə vurğulanıb ki, ötən dövr ərzində daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı şəffaflığın və ictimai maariflənmənin təmin olunması istiqamətində Lənkəran, Mingəçevir, Şamaxı, Şirvan, Bərdə, Xaçmaz və Beyləqan şəhərlərində hüquqi maairfləndirmə tədbirləri keçirilib. Belə tədbirlərin təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maarifləndirmənin daha da genişləndirilməsi, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır.
Vətəndaşların qəbulu və müraciətlərinin təmin olunması komitə tərəfindən daim diqqətdə saxlanılır. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən yanvar-sentyabr aylarında regionlarda keçirilmiş 9 vətəndaş qəbulunda 300-ə yaxın vətəndaş qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tədbirlər görülüb.
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı tədbirlər görülüb. Cari ilin iyul, avqust və sentyabr aylarında müvafiq olaraq Bərdə, Xaçmaz və Beyləqan vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı” günü-vətəndaş forumu keçirilib.
Komitənin fəaliyyətində vətəndaşların müraciət və sorğularının operativ cavablandırılması, şəffaflığın təmin edilməsi məqsədi ilə fəaliyyət göstərən 193 nömrəli qaynar xəttinə 9 ay ərzində 482 müraciət daxil olub. Müraciətlərin qanunvericiliyə uyğun olaraq cavablandırılması təmin edilib.
2014-cü ilin iyun ayında Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsinin müasir texnologiyalar əsasında dizayn və keyfiyyət baxımından təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib.
Ötən dövr ərzində komitənin fəaliyyət istiqamətləri üzrə inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələri daha da inkişaf etdirilib. Beynəlxalq əməkdaşlıq sahəsində Dünya Bankı, BMT-nin Avropa İqtisadi Komissiyası, Almaniyanın KfW Bankı, İsveçrənin İqtisadi Əməkdaşlıq Katibliyi (SEKO), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Norveç Kadastr Təşkilatı, “Eurogeographics” təşkilatları ilə müxtəlif layihələrlə əməkdaşlıq davam etdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsinin iclasında, BMT-yə üzv dövlətlərin əmlak idarəçiliyi nazirlərinin görüşündə, Geoməkan Dünya Forumunda, habelə forum çərçivəsində təşkil edilmiş “İntellektual şəhərlər üçün daşınmaz əmlak informasiya sistemləri” beynəlxalq konfransında iştirak edib. Bu ilin sentyabr ayında komitə sədrinin Almaniyanın daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsi qurumunun nümayəndə heyəti ilə görüşü keçirilib. Dünya Bankının dəstəyi ilə “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin” icrası uğurla davam etdirilir. Layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı sisteminin müasirləşdirilməsi həyata keçirilir.
Müşavirədə komitənin struktur bölmə və qurum rəhbərləri komitənin fəaliyyət sahələri üzrə 9 aylıq göstəricilərilə bağlı çıxışlar ediblər. Bildirilib ki, 2014-cü ilin 9 ayı ərzində kiçik özəlləşdirmə formasında 580-dən çox müəssisə və obyekt, 450-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. 380-dən çox qeyri-yaşayış sahəsi və 310-dan çox torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 39 pul hərracında 28 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2,5 milyon manat məbləğdə investisiya qoyulub.
Hesabat dövründə 5590-a yaxın dövlət müəssisə və təşkilatı «Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma»sını təqdim ediblər. Bunlardan 2250-ə yaxını elektron xidmət vasitəsilə təqdim edilib.
2014-cü il oktyabrın 1-i vəziyyətinə komitənin sərəncamında olan dövlət müəssisələrindən 55-i və dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 164-ü illik balans hesabatlarını təqdim ediblər.
Hesabat dövründə 5798 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb, 2786 ədəd Registrdən çıxarış sənədi hazırlanıb.
2014-cü ilin ötən dövründə 150950-dən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb (42300-ə yaxın ilkin qeydiyyat, 108650-dən çox təkrar qeydiyyat).
2014-cü ilin yanvar-sentyabr ayları ərzində hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 116000-dən çox yüklülük (məhdudiyyət) arayışı (69 minə yaxın onlayn üsulla), əhaliyə xidmətlə bağlı 14550-dən çox digər müxtəlif məzmunlu arayışlar verilib. 2014-cü ilin 9 ayı ərzində 33300-dən çox ipoteka müqaviləsi qeydə alınıb. 130200-dən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.
2014-cü ilin 9 ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestri sahəsində işləri davam etdirib. Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində mühüm addımlar atılıb.
Hazırda Bakı şəhərinin Yasamal, Nəsimi, Nərimanov, eləcə də Səbail və Xəzər rayonlarında kadastr işlərinin icrası artıq yekunlaşdırılıb. Respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması (100 000 ha) işlərinin icrası yekunlaşmaq üzrədir. Layihə çərçivəsində hazırlanmış kadastr məlumatlarının vahid informasiya bazasına köçürülməsi istiqamətində tədbirlər görülür. Eyni zamanda Almaniya Hökumətinin maliyyə dəstəyi ilə Şəki və Gəncənin tam ərazisini (təxminən 250 min ha) əhatə edən tam məzmunlu kadastr işləri davam etdirilir. Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işlərin icrası davam etdirilir.
Ünvan reyestrinin aparılmasını təmin edən İnformasiya Sistemi bu ilin mart ayından istifadəyə verilib. Hazırda mövcud ünvanların yeni qaydalarla verilən ünvanlara dəyişdirilməsi prosesi gedir. Mərhələlərlə yeni ünvan sisteminin tətbiq edilməsi və istifadəçilərə çatdırılması təmin olunacaqdır. İlk olaraq yeni ünvan sistemi Bakı şəhərindən işə salınıb.
Ölkənin şəhər və rayonları üzrə daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri davam etdirilib. Bu işlər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na uyğun olaraq aparılıb.
Ümumilikdə cari ilin sentyabr ayınadək Bakı şəhəri üzrə 1325, Sumqayıt şəhəri üzrə 80, Gəncə şəhəri üzrə 684, Mingəçevir şəhəri üzrə 23 və Şirvan şəhəri üzrə 35 küçə və prospektlərin daşınmaz əmlak obyektlərinə yeni qaydalara uyğun giriş və daxili ünvanları təyin edilib. Bakı şəhərinin 304 küçə və prospekti üzrə giriş nömrə nişanları, bina ünvan lövhələri, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi və 30 ədəd küçə istiqamətləri nişanı quraşdırılıb.
Komitə sədri müşavirənin sonunda qarşıda duran vəzifələrə dair tapşırıqlarını verib. Bu tapşırıqlar normativ-hüquqi bazanın təkmilləşdirilməsi, elektron və onlayn xidmətlərin, qeydiyyat ilə bağlı mobil ofislərin tətbiqinin genişləndirilməsi ilə bağlı olub. Dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı sahələrində keyfiyyət səviyyəsinin artırılması istiqamətində ciddi tapşırıqlar verilib. İnformasiya-kommunikasiya texnologiyaları tədbirlərinin, elektron kadastr məlumat sistemi və ünvan reyestri sisteminin tətbiqi, səmərəlilik və şəffaflığın artırılması, fəaliyyət sahələri üzrə vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində görülən işlərin sürətləndirilməsi tapşırılıb.