Ağdam, Bərdə, Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Füzuli, İmişli rayonları və Naftalan şəhəri üzrə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilən zona müşavirəsi keçirilib. Müşavirədə Ağdam, Bərdə, Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Füzuli, İmişli rayonlarının və Naftalan şəhərinin yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumatlar verilib. Bildirilib ki, Ağdam, Bərdə, Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Füzuli, İmişli rayonları və Naftalan şəhəri üzrə ümumilikdə 517.501 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.
Ötən il və bu ilin yanvar-aprel ayları ərzində qeyd edilən şəhər və rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, şəhər və rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır. Belə ki, bu şəhər və rayonlarda 39 süni balıq gölünün yaradılması səbəbindən 110 hektara yaxın kənd təsərrüfatı torpağı əkin dövriyyəsindən çıxarılıb.
2022-ci il və cari ilin 4 ayı ərzində monitorinqlər nəticəsində adıçəkilən şəhər və rayonlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 939 hal aşkar edilərək sənədləşdirilib. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq orqanlara müraciətlər edilib.
Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.