2023-cü ilin ilk 4 ayı ərzində 179.416 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,8% çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. 2023-cü ilin yanvar-aprel ayları ərzində 179.416 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,8% çoxdur.
Cari ilin ilk 4 ayı ərzindəki göstəricinin 27.980-i (15,6%) ilkin, 151.436-sı (84,4%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında ilkin qeydiyyat 6,2% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı
2023-cü ilin ilk 4 ayı ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15.623-ü fərdi yaşayış və bağ evi, 29.834-ü mənzil, 130.282-si torpaq sahəsi, 1015-i qeyri-yaşayış binası, 2409-u qeyri-yaşayış sahəsi, 213-ü əmlak kompleksi, 40-ı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 30.829-u Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin ilk 4 ayında 149.541 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 76,2% çoxdur. 2023-cü ilin yanvar-aprel ayları ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1% artaraq 24.769 olub.